Postmüharibə və postpandemiya dövründən sonra ölkəmiz özünün dinc quruculuq günlərini yaşayır. Uzun müddət ərazilərinin 20 faizi mənfur erməni faşistləri tərəfindən işğal altında saxlanılan, bir milyondan artıq məcburi köçkünü və qaçqını olan, dünyanı ağuşuna alan pandemiya ilə mübarizə aparan Azərbaycanın bir az sülh və əminamanlıq şəraitində yaşamağa haqqı və ehtiyacı vardır. İndi ölkəmiz geniş bir ərazini əhatə edən inşaat meydançasını xatırladır. Bir yandan böyük infrastruktur layihələri həyata keçirilir, digər bir yandan kəndlər və şəhərlərin bərpası prosesi sürətlə davam etdirilir, böyük qayıdışın daha az bir zamanda baş verməsi üçün səylər göstərilir. Bütün qeyd olunanlarla bərabər, həm iqtisadi, həm mədəni, həm də siyasi sahədə böyük işlər görülür. Müharibədən sonrakı bir il yarımlıq dövrdə ölkəmizdə müxtəlif səpgili mədəni, iqtisadi, və siyasi istiqamətli forumlar, festivallar keçirilmişdir. Bütün qeyd olunanların respublikamızda təşkil olunmasında məqsəd ölkəmizi beynəlxalq müstəvidə daha geniş şəkildə tanıtmaqdan ibarətdir. Artıq Azərbaycana səfər edən hər bir əcnəbi siyasi xadim ölkəmizin Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün çox ciddi işlər gördüyünün şahidi olurlar və bizim haqq işimizi dəstəkləyirlər. İyun ayının 27 - də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11 sessiyasında videoformatda çıxış etmişdir. Görüş iştirakçılarını salamlayan və sessiyanın işinə uğur arzulayan ölkə Prezidenti qeyd etdi ki, Azərbaycanda da şəhərlərin müasirləşdirilməsi və gözəlləşdirilməsi istiqamətində ölkəmizdə də xeyli işlər görülmüşdür. Paytaxt Bakının siması öz tarixiliyini, qədimiliyini qorumaqla müasirləşdirilməsi yolunda bir çox layihələr həyata keçirilmişdir. İndi Bakı şəhərində qədimiliklə müasirliyin vəhdətini açıq - aydın sezmək mümkündür. İlham Əliyev çıxışı zamanı diqqəti erməni quldurlarının ölkəmizin şəhər və kəndləri törətdikləri dağıntıların, vandallıqların üzərinə yönəltdi. O , qeyd etdi ki, erməni faşistləri 30 ilə yaxın bir müddətdə işğal altındakı torpaqlarımızda 9 şəhərimizi və yüzlərlə kəndimizi yerlə yeksan edib yer üzərindən silmişlər. Təsadüfi deyildir ki, Ağdam bölgəsini ziyarət edən bir əcnəbi siyasətçi Ağdam şəhərinin dağıntılarından dəhşətə gələrək, bu şəhəri Qafqazın Xirosiması adlandırmışdır. Bundan əlavə bir yandan da düşmənin basdırdığı minalar da əhalinin öz doğma yurd - yuvalarına qayıtmalarını ləngidir. Düşmən ərazilərimizdə bir milyondan çox mina bastırmışdır. Müharibədən sonrakı dövrdə 220 nəfər Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olmuş və ya şikəst olmuşdur. Bütün maneələrə baxmayaraq, ölkəmizdə Böyük Qayıdış üçün böyük işlər görülür. Hal - hazırda üç şəhərin baş planı hazırlanmışdır. Ağdamda on minlərlə əhalinın yaşayacağı şəhər salınır. Zəngilan rayonu ərazisində ağıllı kənd layihəsi əsasında inşa edilmiş Ağalı kəndi artıq öz sakinlərini qəbul etmişdir. İşğaldan azad edilmiş ərazilərdə inşa eilən bütün kənd, qəsəbə və şəhərlər ağıllı kənd və ağıllı şəhər layiələri əsasında tikilir. Tikilən kənd və şəhərlər maksimum ekoloji cəhətdən təmiz şəkildə inşa edilir. Bu yerlərdə tikilən yaşayış məntəqələri burada yaşayacaq sakinlər üçün tam rahat şəkildə inşa edilir. Eyni zamanda salınan yeni yaşayış məntəqələrinin sakinlərin məşğulluğu da diqqət mərkəzində saxlanılır. Azərbaycan Cənubi Qfqazın lider dövləti olaraq bölgədə iri layihələrin həyata keçirilməsində də daim ön planda olmuşdur və bu layihələrin həyata keçirilməsindən bütün bölgə dövlətlərinin bəhrələnməsində maraqlıdır. Bölgədə sülhün bərqərar olması sözsüz ki, bölgə xalqlarının rifah halında yaşamalarına xidmət edir. Ermənilər iki ölkə arasında sülh sazişinin imzalanmasını nə qədər tezləşdirərlərsə, bir o qədər də özlərinin yaxşı yaşamalarını da təmin etmiş olacaqlar. Umud Ramazanov,Xocalı rayon sakini, şəhid atası